Respublikanın ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün Ən yeni tarix dərsliyi Müəlliflər: İsaq Məmmədov Seyfəddin Qəndilov Musa Qasımlı Tahir Qaffarov Sevda Süleymanova Əkbər Qocayev Murad Vəliyev Hafiz Cabbarov Bakı: Çaşıoğlu, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY 2
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmunun işlənməsi baxımından; 2. Dil və yazı üslubu baxımından; 3. Dizayn və bədii tərtibat baxımından; 4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından. 1. Məzmunun işlənməsi baxımından Dərslik 128 səhifə, 3 bölmə ( Dünya ölkələri iki cahan müharibəsi arasında, İkinci dünya müharibəsi, Dünya müharibədən sonrakı dövrdə ), 34 paraqrafdan ibarət olmaqla, qüvvədə olan tədris proqramına uyğun hazırlanmışdır. Dərslikdə giriş hissənin verilməsi və burada paraqrafların əhatə etdiyi məsələlərə aydınlıq gətirilməsi məqsədəuyğundur. İlk bölmənin dünya müharibəsinin siyasi, iqtisadi, sosial-mənəvi nəticələrinin şərhi ilə başlanılması daha məqsədəuyğun olar. Səhifə 3. 1-ci abzasda axırıncı cümlədə məğlub ölkələr adından sülh müqaviləsini kimin imzaladığı barədə sual yaranır. Paris sülh konfransına məğlub dövlətlərin və Sovet Rusiyasının dəvət olunmamasının səbəbləri izah edilməmişdir. 14 maddə sülh müqavilələrinin əsası kimi göstərilsə də konfransda ərazi ilhaqları haqqında qərarların qəbul edilməsi ilə ziddiyyəti də izah olunmalıdır. Səhifə 4. 1-ci abzasın 1 axırıncı cümləsində Almaniya vahid və bölünməz Rusiya prinsipini qəbul edir fikrinin yazılması daha aydın şərh olar. Brest-Litovsk müqaviləsinin Qafqaz və Ukrayna ilə bağlı məsələlərin qabardılması, ayrı-ayrı məğlub ölkələrlə müqavilələrin isə çıxarılması təklif edilir. Yenə həmin səhifədə 3-cü abzasda mötərizələrdəki tarixlərin silinməsi təklif edilir. Yenə həmin səhifədə 5-ci abzasda adı çəkilən Mustafa Kamal milli-azadlıq hərəkatına rəhbərlik etdiyi dövrlərdə Atatürk adını daşımırdı. Səhifə 4-5. Şagirdin mandatlaşma prosesini daha yaxşı anlaması üçün 1916-cı ilin mayında İngiltərə və Fransanın Yaxın Şərqi öz aralarında nüfuz dairələrinə bölən Sayks-Piko sazişi barədə məlumat verilməsi məsləhətdir. Bu müqavilədə İraq, Misir, 1 Başlanğıcı əvvəlki səhifədə olan abzasın davamı yeni səhifənin əvvəlində 1-ci abzas kimi götürülür. İstinad: Abzas - Mətnin bir sətirbaşından o biri sətirbaşına qədər olan hissəsi. Azərbaycan Dilinin İzahlı Lüğəti, I cild; Bakı: Şərq-Qərb, 2006. 3
İordaniya, Ərəbistan yarımadası İngiltərəyə, Suriya və Livan isə Fransaya çatırdı. Beləliklə, şagird var olan bir dövlətin ərazisini xəlvətcə öz aralarında bölərək neftli torpaqları ələ keçirmək planları quran dövlətlərin məqsədini anlamış olar. Nəhayət, Versalda təşkil olunan Millətlər Cəmiyyətinin bu əraziləri mandat adı altında İngiltərə və Fransaya verdiyini oxuyaraq, planın məntiqi sonluğuna yetdiyini görür və mandat sisteminin əsl mahiyyətini başa düşür. Mandat sisteminin müstəmləkə bölüşdürmənin pərdələnmiş yeni forması olduğu xüsusi vurğulanmalıdır. Yalnız xronologiya verməklə şagirdlərə bunu anlatmaq qeyri-mümkündür. Səhifə 5. B kateqoriyasından olan müstəmləkələrin də mandat sahiblərinin faktiki nəzarətinə keçdiyi qeyd olunmalıdır. Ümumiyyətlə, mandat kateqoriyalarının sadələşdirilmiş şəkildə verilməsinə ehtiyac var. Yenə həmin səhifədə 2-ci abzasda 1920-ci il hadisələri zamanı Yuqoslaviyanın adı çəkilir. Lakin 4-cü səhifə 4-cü abzasda Yuqoslaviyanın 1929-cu ildə yarandığı göstərilir. Səhifə 7. Rapallo sazişinin konfrans ilə heç bir bağlılığı yoxdur. Saziş Sovet Rusiyasının tarixinə aiddir, həm də bu saziş Almaniya üçün də xeyli sərfəli idi. Yenə həmin səhifədə Fransa və Belçika müdaxiləsinə Almaniyanın müqavimət siyasəti qeyd edilməlidir. Səhifə 8. Almaniyaya Daues planından əlavə həm də Yunq planı əsasında yardım edilmişdir. SSRİ-nin Brian-Kelloq paktına qoşulmasını xüsusi olaraq qeyd etməkdənsə, həmin pakta dünyanın 63 ölkəsinin qoşulmasını yazmaq məqsədəuyğun olar. Səhifə 9-11. Bu paraqrafın adı ilə mətnin məzmunu arasında xeyli uyğunsuzluq var. Burada ümumi ideya iqtisadi inkişaf olmalıdır, lakin mətndə siyasi tarixə üstünlük verilib. Leyborist hökumətlərin, Fransada Sol Blok hökumətinin və o adların öyrənilməsinə ciddi ehtiyac yoxdur. Səhifə 9. 1-ci yarımbaşlığı L.Corc hökumətinin istefası ilə başlamaq məqsədəuyğundur. Yenə həmin səhifədə Milli Blok üzvlərinin hamısının adını verməyə ehtiyac yoxdur. Səhifə 10. Almaniyanın siyasi tarixi qısa şəkildə həddən artıq qabardılır. Məsələn, sosial-demokrat F.Ebert və F.Şeydemanın adları ixtisar edilsə, yaxşı olar. 4
Yenə həmin səhifədə konstitusiya qəbulunu gününə qədər yazmaq lazım deyil. Ümumiyyətlə, belə düzəliş vermək olar: 1919-cu ildə Almaniyada nasist partiyası yarandı, Müəssislər Məclisinə seçkilər oldu, Veymar konstitusiyası qəbul olundu. Yenə həmin səhifədə nasist partiyasının yaradılmasının ən faciəli hadisələrdən biri kimi qiymətləndirilməsi yanlışdır. Partiya alman cəmiyyətinin əksəriyyətinin rəğbətini qazana bilmişdi. Yenə həmin səhifədə Pivəxana qiyamı nın Almaniyanı düşdüyü vəziyyətdən çıxmasına necə təsir edə biləcəyi anlaşılmazdır. Səhifə 14. Populist sayılan vədlərlə olsa belə, nasistlərin hakimiyyətə demokratik yolla gəldikləri qeyd oluna bilər. Səhifə 15. 1921-ci ilin avqustunda İtaliyada Faşist partiyası mövcud deyildi. Yenə həmin səhifədə 6-cı abzasda faşistlərin hakimiyyətə gəlməsi inqilab deyil, çevriliş adlanır. Səhifə 16. 3-cü abzasda Mussolini ilə papa XI Piy arasında 1929-cu ildə müqavilənin imzalandığı, sonra isə Vatikan dövlətinin yarandığı qeyd olunur. Müqavilənin məqsədi olaraq sadəcə Mussolininin kilsədən dəstək almaq istəyini vurğulamaq kifayətdir. Vatikan dövlətinin yaranması deyil, İtaliyadan ayrılıb, müstəqillik statusu alması vurğulanmalıdır. Səhifə 17. II Nikolayın ailəsinin qətli Leninə sui-qəsddən əvvəl olmuşdur. Buna görə də qırmızı terrorun ağ terrora cavab olması fikri ziddiyyətlidir. Səhifə 21. İtaliya qoşunlarının nə zaman Osmanlı ərazisinə daxil olmaları bilinmir. Səhifə 22. Gürcüstanın Osmanlı ərazisinə müdaxiləsi barəsində izahat verilməlidir. Yenə həmin səhifədə Mudanya sülhünün şərtləri göstərilməlidir. Müttəfiqlər dedikdə bu zaman hansı dövlətlərin nəzərdə tutulması qeyd olunmalıdır. Həmçinin Lozannada boğazlara dair konvensiyanın qəbul olunmasının və onun mahiyyətinin göstərilməsi təklif edilir. Səhifə 24. 2-ci cümlədə bir coğrafi məkan kimi Türküstan ərazisini açıqlamaq lazımdır. Səhifə 24-27. Paraqraf üzrə mətndə 22 xronoloji fakt verilmişdir. Bu çoxdur. Burada sonda verilən xronologiya mətndəki xronologiya ilə uyğun gəlmir. Məsələn, mətndə Alaş-Orda dövlətinin yaradılması tarixi (səh.24) 1917-ci ilin dekabrı 5
göstərilir. Səhifə 27-də isə 1920-ci il 9 martda Qazaxıstanda Alaş-Orda milli qazax dövlətinin yaranması yazılmışdır. Dəqiqləşdirilməsi məsləhətdir. Səhifə 26. 5-ci abzasda Zaqafqaziya Seyminin yaradılması Cənubi Qafqazda demokratik hərəkatın yüksəlməsinin nəticəsi kimi verilir. Lakin 11-ci sinif Azərbaycan tarixi dərsliyində (Bakı: Çaşıoğlu, 2009; səh.8) Seymin yaranması Zaqafqaziya Komissarlığının böhrandan çıxa bilməməsi və süqutunun nəticəsi kimi göstərilir. Belə məsələlərin hər iki dərslikdə eyni ideoloji istiqamətdə verilməsi təklif edilir. Səhifə 27. Burada Zaqafqaziya Komissarlığının yaradılması 1917-ci il 14 noyabr tarixinə, 11-ci sinif Azərbaycan tarixi dərsliyində isə (səh.8) 1917-ci il 15 noyabr tarixinə aid edilmişdir. Yenə həmin səhifədə Zaqafqaziya Komissarlığının süqutu 1917-ci ilin dekabrı göstərilmiş, 11-ci sinif Azərbaycan tarixi dərsliyində (səh.8) isə fevralın əvvəlləri göstərilmişdir. Səhifə 28. Xronologiyada verilmiş axırıncı fakt mətndə verilməmişdir. 2-ci abzasın 1-ci cümləsində düyü yüklənmiş gəmilərin və anbarların kimlər tərəfindən talan edilməsi bilinmir. Səhifə 30. 1-ci abzasda 1937-ci ildə yenidən vahid antiyapon cəbhəsinin yaradılmasından bəhs edilir, lakin buna qədər yaradılmış ilk cəbhə barəsində məlumat verilmir. Səhifə 31. Duz yürüşü zamanı duzun çıxarılmağa başlanması göstərilərkən onun dəniz suyundan alınmasını bildirmək məqsədəuyğundur. Səhifə 32. 3-cü abzasda cəngəlilər hərəkatının başlanması 1920-ci ilin mayında göstərilir. Lakin 10-cu sinif Yeni tarix dərsliyində (Bakı: Çaşıoğlu, 2010; səh.123) cəngəlilər hərəkatının başlanma tarixi 1914-cü il göstərilir. Bu hərəkatın xarakterini göstərmək lazımdır. Səhifə 33. Hicaz Məkkə və Mədinə şəhərlərinin yerləşdiyi vilayətin adıdır. Hicazı idarə edənlər Hicaz kralı deyil, Məkkə əmiri adlandırılır və Məhəmməd Peyğəmbərin nəvəsi Həsən ibn Əlinin nəslindən gəldikləri üçün onlara şərif deyilirdi. Sonuncu Məkkə əmirinin adı Hicay Şərif deyil, Şərif Hüseyn idi. Səhifə 35. Paraqraf II Dünya müharibəsi ərəfəsindən bəhs etsə də, 2-ci abzasda verilmiş Çinin cənubunda sahilboyu torpaqların işğal edilməsi faktı müharibə dövrünə aiddir. 6
Yenə həmin səhifədə Millətlər Cəmiyyətinin tələbini yerinə yetirmədiyindən, Yaponiyanın oradan çıxdığı deyil, çıxarıldığı qeyd edilsə, düzgün olar. Yenə həmin səhifədə Xalxin-Qol və Xasan gölü döyüşlərinin yeri dəyişilməlidir. Çünki Xasan gölü döyüşü daha əvvəl olub. Yenə həmin səhifədə axırıncı abzasda verilmiş Almaniyanın hərbsizləşdirilmiş Reyn zonasına qoşun hissələri yeridilməsinə icazə verilməsini tələb etməsi faktı 1-ci paraqrafda Almaniya ilə bağlanmış Versal müqaviləsində verilməyib. Yenə həmin səhifədə Saar vilayətində rəy sorğusunun keçirilməsinin Versal müqaviləsinin şərtlərinə uyğun olmasını göstərmək məsləhətdir. Səhifə 36. 4-cü abzasın əvvəlində İtaliyanın Avropada ərazi ələ keçirmək gücündə olmaması, abzasın axırlarında isə Albaniyanı işğal etdiyi qeyd edilir. Yenə həmin səhifədə paraqrafın sonunda 1940-cı ilə aid edilən hadisənin II bölmədə verilməsi məqsədəuyğundur. Səhifə 38. Sudet böhranı zamanı SSRİ-nin bağladıqları müqaviləyə əsasən Çexoslovakiyanın yardımına gəlməməsinin səbəbi göstərilməlidir. Yenə həmin səhifədə Ribbentrop-Molotov paktının imzalanması ilə SSRİ-nin Şərqi Avropanın xəritəsinin yenidən cızılmasının iştirakçısına çevrilməsi göstərilmişdir. Burada SSRİ-nin bu addımı ilə II Dünya müharibəsinin başlanması üçün məsuliyyət daşıması haqqında da yazıla bilər. Çünki dünya tarixşünaslığında buna şübhə edilmir. Səhifə 42. İtaliya I Dünya müharibəsində məğlub olmadığına görə revanşizm termini Almaniyaya aid edilsə, daha düzgün olar. Səhifə 44. SSRİ-nin 1939-40-cı illərdəki işğalları sadalanarkən hansı dövlətlərin müstəqilliyinə son qoyulduğunu, hansı torpaqların isə hansı dövlətlərdən alındığı göstərilsə, yaxşı olar. Ayrıca olaraq, Karel-Fin ölkənin deyil, Kareliyanın Finlandiyadan alınmasından sonra yaradılmış respublikanın adıdır. Səhifə 45. 3-cü abzas 5-ci cümlədə Norveçin məğlub olmasının tarixi verilməmiş, lakin mövzunun sonunda verilən xronologiyada göstərilmişdir. Səhifə 49. Birləşmiş Millətlər ifadəsinin hansı təşkilata aid olduğu, nə zaman yarandığı aydın olmur. Bu haqda məlumat verilməsi təklif edilir. Səhifə 50. Kursk döyüşünün tarixi 1943-cü il iyulun 15-i göstərilmişdir. Lakin bir neçə ədəbiyyatda bu tarix iyulun 5-i verilir. Dəqiqləşdirilməsi məsləhətdir. 7
Səhifə 51. Çörçillin Avropadakı ikinci cəbhənin Balkanlarda açılmasını təklif etməsinin səbəbi naməlum qalır (SSRİ-nin Şərqi Avropanı ələ keçirməsinə imkan verməmək). Səhifə 52. Türkiyənin müharibə illərində bitərəf qalması göstərilsə də, 1945-ci ilin fevralında Almaniya və Yaponiyaya müharibə elan etməsi müəyyən anlaşılmazlıq doğurur (Əslində, Türkiyə bu addımı ilk növbədə Sovet təcavüzü təhlükəsindən qorunmaq üçün atmışdı). Səhifə 58. ABŞ-ın SSRİ-yə qarşı bir neçə dəfə nüvə silahından istifadə etmək planlarının olduğu qeyd edilməlidir. Səhifə 59. Eyzenhauer doktrinasında həm də hərbi yardımın nəzərdə tutulduğu qeyd oluna bilər. Con Kennedinin və Martin Lüter Kinqin öldürüldükləri ayları və günləri göstərməyə xüsusi ehtiyac yoxdur. Səhifə 60. Niksonun istefasının səbəbi dəqiq qeyd olunmalıdır. Səhifə 64. SSRİ-nin dağılmasının başlanğıcını DQMV-dəki hadisələrə bağlamaq yanlış fikirdir. Səhifə 67. 5-ci abzasda Tetçerizm siyasətinin adı çəkilir. M.Tetçer hakimiyyətə gələndə belə bir adda siyasət irəli sürməyib. Sadəcə olaraq, onun yeritdiyi siyasət sonradan tarixçilər tərəfindən bu cür adlandırılıb. Bu siyasətin əsas mahiyyətinin nədən ibarət olduğunun açıqlanması təklif edilir. Müharibədən sonra İngiltərənin bəzi müstəmləkələrinə istiqlaliyyət verməsi qeyd olunmaqla yanaşı, bu dövlətlərin Britaniya Millətlər Birliyi (British Commonwealth) adlı bir qurumda toplandığı, İngiltərənin hələ də bu dövlətlər üzərində nüfuz və təsirini saxladığı qeyd oluna bilər. Səhifə 69. 3-cü abzasda Ekvador əvəzinə Ekvatorial Afrika yazılmalıdır. Çünki Ekvador Cənubi Amerikada yerləşir və heç vaxt Fransa müstəmləkəsi olmayıb. Yenə həmin səhifədə Fransanın 1954-1962-ci illərdə Əlcəzairdə baş vermiş azadlıq mübarizəsini yatırmaq üçün 1.5 milyon insanı öldürdüyü, bu mübarizəni boğmaq üçün hətta terrorçu şəbəkə təşkil etdiyi vurğulanmalıdır. Səhifə 70. Fransanın uydurma erməni soyqrımı nı tanıması dərslikdə yazılarsa, şagird açıq-aşkar Ermənistanın tərəfini tutan bir dövlətin ATƏT-in Minsk qrupu həmsədri olaraq Qarabağ məsələsinin ədalətli həllinə nə kimi fayda verəcəyi barədə mülahizə yürüdə bilər. 8
Səhifə 75. 3-cü abzasın sonuncu cümləsində Qarşılıqlı İqtisadi Yardım Şurası və Varşava Müqaviləsi Təşkilatının yarandığı illəri göstərmək məsləhətdir. Həmin illər səhifə 106-da verilmişdir. Yenə həmin səhifədə XX əsrin 50-ci illərində Polşa və Macarıstanda vəziyyətin kəskinləşməsi qeyd edilsə də, yalnız Macarıstandakı hadisələrdən bəhs edilir. Səhifə 78-79. Bosniyadakı faciəli hadisələrə, ən azı Srebrenitsa faciəsinə daha geniş yer verilə bilər. Beynəlxalq Haaqa Məhkəməsinə təkcə Miloşeviçin deyil, Bosniya serblərinin liderlərinin də verilməsi, həmçinin həmin məhkəmənin onları hərbi cinayətkar elan etməsinin göstərilməsi təklif edilir. Səhifə 81. Axırıncı abzasda yazılmış 1974-cü ildə Kipr (Kıbrıs) Respublikasının müstəqilliyini və buradakı türk əhalisinin təhlükəsizliyini təmin etmək üçün Türkiyə adaya qoşun çıxardı cümləsi səhifə 107-də 4-cü abzasda yazılmış (Türkiyə adaya qoşun yeridəndən) Bir neçə il sonra adanın şimal ərazisində təkcə Türkiyə tərəfindən tanınmış Quzey Kıbrıs Türk Cümhuriyyəti yaradıldı cümləsi ilə ziddir. Səhifə 82-83. 30 ildir Türkiyənin probleminə çevrilmiş PKK haqqında məlumat verilməsi təklif edilir. PKK-nın qurulması, məqsəd və fəaliyyəti, böyük dövlətlər tərəfindən dəstəklənməsi nümunələr verilərək, şagirdin diqqətinə çatdırılmalıdır. Şimali İraqdakı PKK bazalarına bir dəfə deyil, dəfələrlə zərbə endirildiyindən, həm də həmin hadisələrin qabardılması müasir Türkiyə rəhbərliyinin apardığı siyasətlə uzlaşmadığından 2008-ci ildəki əməliyyatlar haqqında məlumatı ixtisar etmək olar. Səhifə 83-87. 26-cı paraqrafda Azərbaycandakı hadisələrdən bəhs edən hissə ixtisar olunmalıdır. Səhifə 84. 2-ci abzasda 1953-cü il əvəzinə 1944-cü il yazılmalıdır. Səhifə 90. Çində repressiyaya məruz qalan əhalinin sayında ziddiyyət var. Səhifə 103-105. Latın Amerikası İspaniya və Portuqaliya işğallarından sonra heç bir dərslikdə öyrənilmədiyindən, bu dərslikdən də çıxarıla bilər. Səhifə 107. Berlin divarının çəkilməsi tarixi əksər ədəbiyyatda 1961-ci ilə aid edilir. Dəqiqləşdirilməsi məsləhətdir. Həmçinin tikilmə məqsədi və tarixi rol fərqliliyi baxımından həmin divarı İkinci Çin səddi adlandırmaq doğru deyil. Səhifə 109. Xronologiyada Marşall planının qəbul edilməsi tarixi 1947-ci ilə aid edilsə də, səhifə 58-də 4-cü abzasda 1948-ci il verilmişdir. 9
Səhifə 113. 1-ci abzasda göstərilir ki, Dünyada üçüncü elmi-texniki inqilab baş verdi. Digər elmi-texniki inqilabların nə zaman baş verdiyi barədə sual yaranır. Bu paraqrafda hazırda gündəlikdə olan mövzu olması etibarilə gen mühəndisliyi, geni dəyişdirilmiş qidalar və İEÖ-lərin toxum siyasəti və bunun İEOÖ-lər üçün nə kimi təhlükə törətdiyi barədə məlumat verilməsi münasib olardı. Avropa İqtisadi Birliyinin yaradılması və fəaliyyətinin əsas istiqamətləri barədə mütləq qeyd edilməlidir. Son dövrlər dünyada baş verən son hadisələr baxımından dərslikdəki dövrləşməyə diqqət yetirmək vacibdir. Dövrləşməni bu qaydada vermək olar: 1. Dünya ölkələri XX əsrin I yarısında 2. Dünya ölkələri XX əsrin II yarısında 3. Dünya ölkələri XXI əsrdə 2. Dil və yazı üslubu baxımından Dərsliyin dili ağırdır. Cümlələrin sadələşdirilməsi məsləhətdir. Bəzi termin, anlayış və ifadələrin izah edilməsi yaxşı olar. Məsələn, sağ və sol yönümlü partiyalar (səh.15), kadrların sabitliyi (səh.63), xalq demokratiyası (səh.75), emissiya siyasəti (səh.80), orta təbəqə (səh.82), böyük sıçrayış (səh.89), qarışıq iqtisadiyyat (səh.93), Taliban, Əl Qaida (səh.96) və s. kimi termin, anlayış və ifadələrin izahına ehtiyac var. Bir çox termin və hadisələrin yalnız adı çəkilərək onların izahının verilməməsi kitabın dərslikdən çox əlavə oxu materialına bənzəməsi təəssüratını yaradır. Bəzi mətnlərdə edilən ixtisarlar onların yalnız fakt yükünü azaldıb və onları məlumat xarakterli bir məqaləyə çevirib. Əlavə şərh və izahlar olmadığından fikirlər yarımçıq görünür. Bəzi abreviaturaların yazılışında vahidlik prinsipi gözlənməmişdir. Məsələn, BMT, ATƏT, ABŞ kimi abreviaturalarda ana dilimizə tərcümə olunmuş ifadənin baş hərfləri verildiyi halda, NATO, NİRA kimi abreviaturalarda baş hərflər xarici dildə olduğu kimi saxlanmışdır. Dünya müharibələrindən bəhs olunarkən gah cahan, gah da dünya sözləri işlənmişdir. Səhifə 4. 3-cü abzasda müavilələri sözünün əvəzinə müqavilələri sözü yazılmalıdır. 10
Səhifə 6. 1-ci abzasda parçalanmasını möhkəmləndirdi ifadəsi üslubi cəhətdən düzgün deyil. Parçalanma prosesi güclənə bilər. Millətçilik anlayışı mənfi formada təqdim olunmuşdur, halbuki onun müsbət mahiyyəti də şübhəsizdir. Səhifə 8. 2-ci abzasda generalı sözünün əvəzinə bankiri sözü yazılmalıdır. Yenə həmin səhifədə sonuncu abzası 11-ci paraqrafda vermək daha düzgün olar. Səhifə 10. Pivəxana qiyamı deyil, pivə qiyamı daha düzgün tərcümədir. Yenə həmin səhifədə Lakin, bir neçə ay həbsxanada yatan A.Hitler özünün Mayn Kampf ( Mənim mübarizəm ) kitabını yazdı cümləsinin Lakin bir neçə ay həbsxanada olan A.Hitler özünün Mənim mübarizəm ( Mayn Kampf ) kitabını yazdı kimi verilməsi məqsədəuyğundur. Səhifə 12. 2-ci abzasda konkret faktlar əvəzinə, yəni işsizlərin sayının yerinə 4 dəfə artdı verilməsi daha düzgün olar. Yenə həmin səhifədə 8-ci abzasda NİRA ifadəsinin çıxarılması təklif edilir. Yenə həmin səhifədə aşağıdan 2-ci abzasın dili çox ağırdır. Sadələşdirilməsi təklif edilir. Səhifə 13. 4-cü abzasın 2-ci cümləsində ildən sözündə n hərfi artıqdır. Səhifə 14. Liberal-demokratizm termininin izahı verilsə, daha yaxşı olar. Səhifə 14. Axırıncı cümlədə sağ sözü ixtisar edilməlidir. Səhifə 15. Sakitləşdirmə paktı əvəzinə Barışıq paktı yazılması tövsiyə edilir. Yenə həmin səhifədə partiya, qüvvə və ideyaların sağ və ya sol yönlü olması izah edilmirsə, ixtisar edilməsi təklif edilir. Səhifə 17. Burada vətəndaş müharibəsinin səbəblərini daha sadə və asan şəkildə vermək olardı. Səhifə 18. Belarusiya əvəzinə Belarus yazılması daha düzgündür. Səhifə 19. 1-ci abzasda kollektiv-ləşdirmə sözündə - işarəsi olmamalıdır. Səhifə 21. 4-cü abzasın Bu işğal demək idi cümləsi əvvəlki dərsliklərdəki kimi Bu isə işğal demək idi kimi yazılsa, məna tam aydınlaşar. Yenə həmin səhifədə 5-ci abzasda Bu hadisə xalqın qəzəbini coşdurdu cümləsinin Bu hadisələr xalqın qəzəbini coşdurdu kimi yazılması məqsədəuyğundur. Çünki əvvəlki abzasda çoxlu sayda hadisələrin baş verdiyi göstərilir. 11
Səhifə 26. Borçalı uğrunda erməni-gürcü savaşından danışılsa da, bu torpaqlarda kimin yaşaması və tarixən kimə məxsusluğu məsələsinin üstündən sükutla keçilir. Səhifə 32. 3-cü abzasın 1-ci cümləsi belə verilsə, düzgün olar: 1920-ci il mayında cəngəlilər hərəkatı partizan hərəkatından açıq mübarizəyə başladı və iyunun 5-də Gilan Respublikasının elan edilməsi ilə nəticələndi. Səhifə 33. 6-cı abzasda taxt-taca gətirildi ifadəsinin əvəzinə taxta çıxarıldı (gətirildi) ifadəsinin işlənməsi məqsədəuyğundur. Səhifə 37. 1-ci cümlədə 2 dəfə bir sözü səhvən təkrar işlədilib. Səhifə 42. 2-ci abzasda bazalarını sözünün əvəzinə bazarlarını yazılmalıdır. Səhifə 55. Port Artur ifadəsinin Port-Artur kimi yazılması daha doğrudur. Səhifə 56. Nasizm və militarizm terminlərinin izahı verilsə, yaxşı olar. Səhifə 60. 3-cü abzasda demokratları sözünün əvəzinə demokratların mənzil-qərargahında ifadəsinin yazılması daha doğru olar. Səhifə 62. 20-ci paraqrafın sonuncu cümləsi tamamlanmayıb. Səhifə 64. Sonuncu abzas 11-ci sinif Azərbaycan tarixi (Bakı: Çaşıoğlu, 2009) dərsliyində 43-cü paraqrafın 1-ci abzası ilə uzlaşdırılmalıdır. Səhifə 65. Çeçen xalqının məhv edilməsi ilə müşayiət olunan ifadəsinin çeçen xalqının məhvinə yönəlmiş kimi ifadə olunması daha doğru olar. Səhifə 70. 5-ci abzasda Şimal-Şərq əvəzinə Şimal-Qərb yazılmalıdır. Səhifə 75. 3-cü abzasda hökmü sözünün təzyiqi ilə kimi verilməsi məqsədəuyğundur. Səhifə 78. Timişoar əvəzinə Timişoara yazılması təklif edilir. Səhifə 80. 3-cü abzasda Şəxsi torpaq sahələrinə toxunulmadı cümləsini ixtisar etmək lazımdır. Çünki yuxarıdakı cümlədə göstərilir ki, 500 hektardan artıq şəxsi torpaq sahələri yenidən bölüşdürüldü. Səhifə 84. 1-ci abzasda işlədilən qeyri-yerli ifadəsini başqa sözlə əvəz etmək daha yaxşı olar. Yenə həmin səhifədə Şaymiyevin adı Mentemir deyil, Mintemir kimi yazılmalıdır. Səhifə 84-85. Ahıska türklərindən 2 yerdə söhbət açılsa da, onlar haqqında 1-ci dəfə deportasiya, 2-ci dəfə didərgin salındılar ifadəsinin yazılması daha düzgündür. Şimali Qafqazın türk xalqlarından olan balkarların deportasiyası haqqında, ümumiyyətlə, məlumat verilməmişdir. 12
Səhifə 88. Sonuncu abzasla 89-cu səhifənin 2-ci abzasının yeri dəyişdirilməlidir. Ona görə ki, illərin verilmə ardıcıllığı pozulmuşdur. Səhifə 94-95. Partiyaların baş hərfləri göstərilmir. Səhifə 95. Bhuttonun adı Bənazir deyil, Binəzər olmalıdır. Səhifə 100. 5-ci abzasda işlənmiş intifah sözünün ixtisar edilməsi məqsədəuyğun olar. Ərəbcədən tərcümədə açıq qapı mənası verdiyindən, eynimənalı iki sözün təkrarlanması vacib deyil. Yenə həmin səhifədə MƏR yazılmış, lakin onun haqqında məlumat verilməmişdir. Yenə həmin səhifədə 6-cı abzasda prezident müavini ifadəsi düzgün seçilməmişdir. Səhifə 103. 2-ci abzasda verilmiş latifundiya sözünün mənası verilsə, yaxşı olar. Səhifə 106. 1948-ci ildə Koreya Respublikasının və KXDR-in yaradılmasının göstərilməsi təkrardır (səhifə 90-da verilmişdir). Səhifə 116. Violonçelist sözünün əvəzinə violonçel ifaçısı ifadəsinin yazılması məqsədəuyğundur. Yenə həmin səhifədə Kütləvi mədəniyyət özünü daha çox kino sənətində büruzə verir cümləsindəki kütləvi mədəniyyət ifadəsi dırnaq içində verilə bilər. Çünki bu söz ingiliscə pop art adlandırılan hazırkı qərb mədəniyyətini bildirən bir məfhumdan çevrilmişdir. 3. Dizayn və bədii tərtibat baxımından Dərsliyin üz qabığının sol tərəfindəki şəkillər bir qədər də iri formatda verilsə, yaxşı olar. Şəkillərin düzülüşündə xronoloji ardıcıllıq pozulmuşdur. Yuxarıdan-aşağı şəkillərin ardıcıllığının belə verilməsi məqsədəuyğundur: 1. Alman bombardmançı təyyarələr (1939); 2. Pörl Harbora hücum (1941 7 dekabr); 3. Praqa baharı (1968); 4. ABŞ astronavtı ayda (1969). 8, 10, 11, 12, 18, və 21-ci paraqraflarda hər hansı şəkil verilməyib. Halbuki bu mövzularla əlaqəli kifayət qədər zəngin illüstrasiya seçimi mümkündür. Bəzi xəritələr kiçikdir. Səhifə 21, 29, 30-dakı xəritələrdə şərti işarələr verilməyib. 13
Bəzi səhifələrdəki (səh. 48, 59, 63, 68, 81, 98) şəkil və suallar aid olduqları səhifələrdən əvvəl və ya sonrakı səhifələrdə verilmişdir. Səhifə 6. Xəritənin yenidən tərtib edilməsi təklif edilir. Səhifə 21. Mustafa Kamal Atatürk haqqında bu səhifədə danışıldığına görə onun şəklini də burada vermək daha yaxşı olardı. Səhifə 25. Krım xalq Respublikasının tematik xəritəsini vermək lazımdır. Xəritədə mövcud olduğu dövr göstərilməlidir. Səhifə 43. Xəritədə 2-ci şəkildə 2-ci rənglə işarələnmiş dövlətlərin Almaniya, yoxsa SSRİ tərəfindən tutulduğu anlaşılmır. Səhifə 81. T.Özalın şəkli səhifə 82-də, S.Dəmirəlin şəkli isə səhifə 81-də verilsə, yaxşı olar. Səhifə 94. Xəritənin özünü böyük, şərti işarələrini isə daha yığcam vermək olar. 4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından Səhifə 3. Sərbəst sütunda Versalda bağlanmış müqavilələr barədə soruşulsa da, yalnız 1783-cü il ABŞ-İngiltərə müqaviləsi tədris olunur. Səhifə 7. Versal-Vaşinqton sistemi hansı hadisə nəticəsində yaradılmışdır? sualının qoyuluşu olduqca bəsit və metodiki cəhətdən qüsurludur. Çünki bu sistem bir hadisə nəticəsində yaradılmayıb. Sualın Versal-Vaşinqton sisteminin yaradılması səbəblərini izah edin kimi qoyulması daha yaxşı olar. Yenə həmin səhifədə 2-ci sualla bağlı paraqrafda heç bir məlumat verilməmişdir. Reyn təminat paktı haqqında məlumat səhifə 8-də verildiyi halda, sual əvvəlki səhifədə verilmişdir. Səhifə 10. Sərbəst sütundakı 1-ci sual ABŞ-a, mətn isə Almaniyaya aiddir. Sualı aşağı endirmək lazımdır. Yenə həmin səhifədə aşağıdakı sual çox maraqlı olsa da, cavabı mətndə verilməmişdir. Səhifə 12. 1-ci abzasın qarşısında Sizcə bazarın tələbatından artıq məhsulların məhv edilməsi düzgün siyasət idimi? sualının yazılması yaxşı olar. Səhifə 23. İnönü döyüşü ilə bağlı sual səhifə 22-yə keçirilsə, daha yaxşı olar. Səhifə 13. 2-ci sual mübahisə doğurur. İşçi olmayan yerdə istehsal olmaz. 14
Səhifə 26. Cənubi Qafqazda yaranan respublikaları əks etdirən tematik xəritənin verilməsi təklif edilir. Səhifə 76. Çexoslovakiya yarımbaşlığına aid 3 sual qoyulduğu halda, ondan əvvəlki səhifədə Macarıstana aid sual qoyulmayıb. Nəticə 1. Dərslik qüvvədə olan tədris proqramının tələbləri əsasında yazılmışdır. 2. Dərslikdə həddindən çox il tarixləri var. Bu da şagirdi yorur, işini çətinləşdirir və dərsliyi maraqsız hala gətirir. Bunun əvəzinə hadisələrin mahiyyətinə geniş yer ayrılmalıdır. 3. Dərsliyin şagirdi məntiqi təfəkkürə, təhlilə, hadisələrdən nəticə çıxartmağa yönəldəcək ruhda yazılması məqsədəuyğundur. 15