Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün Ümumi biologiya dərsliyi Müəlliflər: Məcnun Babayev Əli Hüseynov Nüşabə Məmmədova Bakı: Çaşıoğlu, 2012. Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış YEKUN RƏY 2
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 1. Məzmunun işlənməsi baxımından; 2. Dil və yazı üslubu baxımından; 3. Dizayn və bədii tərtibat baxımından; 4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından; 5. Digər dərsliklə olan fərqlər baxımından. 1. Məzmunun işlənməsi baxımından Dərslik respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramı əsasında hazırlanaraq Giriş, Sitologiyanın əsasları, Hüceyrədə maddələr və enerji mübadiləsi, Orqanizmlərin çoxalması və fərdi inkişafı, Yer üzərində həyatın əmələ gəlməsi və inkişafı tarixi, Təkamül təlimi fəsillərindən ibarət olub, 39 mövzunu əhatə edir. Dərsliyin sonunda fənnin tədrisi üzrə hazırlanmış Proqram, istifadə olunan Ədəbiyyat siyahısı və Mündəricat verilmişdir. Tədris proqramında nəzərdə tutulan mövzular dərslikdə tam əhatə olunub, proqramdankənar heç bir mövzu dərsliyə daxil edilməyib. Mövzular elmi-metodiki baxımdan şagirdlərin yaş səviyyəsinə uyğun tərtib olunub. Dərslikdəki materiallar fənn üzrə bilik və bacarıqların formalaşdırılmasına imkan verir. Dərslikdə müxtəlif şəkillərdən və cədvəllərdən istifadə olunması, hər mövzunun sonunda sual və tapşırıqların verilməsi müsbət hal kimi qiymətləndirilir. Bununla yanaşı, dərslikdə bir qismi tövsiyə xarakterli müəyyən qüsurlar var. Bunlar aşağıdakılardır: Səhifə 5-də Alman alimi R. Virxov (1958) öyrəndi ki, orqanizmlər hüceyrələrin bölünərək çoxalması nəticəsində böyüyür cümləsi qüsurludur. Belə ki, hüceyrələrin bölünərək çoxalmasını ilk dəfə R. Remak kəşf etmişdir. R. Virxov isə onun nəticələrini mənimsəyərək öz adına yazmışdır. Ona görə də R. Virxovun adı dərslikdən çıxarılmalıdır. Yenə həmin səhifədə Onlar müəyyən etdilər ki, bütün çoxhüceyrəli orqanizmlər öz başlanğıcını mayalanmış yumurta hüceyrədən, yəni ziqotdan götürür. K. Ber sübut etdi ki, hüceyrə canlıların yalnız quruluş vahidi deyildir, o həm də bütün canlı orqanizmlərin inkişaf vahididir fikri verilmişdir. Bu haqda müxtəlif ziddiyyətli fikirlər olduğu üçün buna aydınlıq gətirilməsi tövsiyə edilir. Səhifə 8-9-da Plazmatik membran bitkilərdə hüceyrə qılafı, heyvanlarda isə qlikokaliksin altında yerləşir və sitoplazma ilə bilavasitə hüdudlanır cümləsi 3
Plazmatik membran bitkilərdə, bakteriyalarda və göbələklərdə hüceyrə divarının, heyvanlarda isə qlikokaliksin altında yerləşir və sitoplazma ilə bilavasitə hüdudlanır kimi yazılmalıdır. Yenə həmin səhifədə Bitki hüceyrələrindəki qılaf kimi qlikokaliks dayaq rolunu oynamır cümləsinin Bitki hüceyrələrinin hüceyrə divarından fərqli olaraq qlikokaliks dayaq rolunu oynamır kimi yazılması məqsədəuyğundur. Səhifə 9-da Plazmatik membranda nazik kanallar olduğundan su, suda həll olmuş duzların ionları, üzvi maddələr sitoplazmaya keçir. Sintez olunmuş maddələr isə sitoplazmadan xaric olur. O, zədələnə və bərpa oluna bilir fikrində O, zədələnə və bərpa oluna bilər cümləsi aydın deyil. Burada plazmatik membranın və ya onda yerləşən kanalların hansından söhbət getdiyi başa düşülmür. Yenə həmin səhifədə Lipid molekulları arasında zülallar yerləşir. Zülal molekulları həm də, karbohidrat molekulları ilə birləşmiş olur cümləsinin Bütün eukariot hüceyrələrinin xarici səthində karbohidratlar yerləşir. Onlar membran zülalları (qlikoproteinlər) və az miqdarda lipidlərlə (qlikolipidlər) birləşirlər kimi verilməsi tövsiyə edilir. Yenə həmin səhifədə şəkil 4-də Plazmatik membranın quruluşunun sxemində plazmatik membranda lipidlərin qeyri-polyar çıxıntıları və qütblü lipidlərin başcıqları göstərilir. Burada, ya polyar və qeyri-polyar, ya da, qütblü və qeyriqütblü anlayışlarından istifadə olunmalıdır. Sxemdə lipidlərin qeyri-polyar çıxıntıları və polyar başcıqlar göstərildiyindən, mətndə də bu haqda məlumatın verilməsi tövsiyə edilir. Səhifə 10-da...yaranmış enerji hesabına baş verir ifadəsi düzgün deyil. Çünki enerji yaranmır və itmir, yalnız bir formadan digərinə çevrilir. Yenə həmin səhifədə Pinositoz faqositozdan fərqli olaraq bitki, heyvan, göbələk və bakteriyaların hüceyrələrində baş verir cümləsinin Pinositoz faqositozdan fərqli olaraq bitki, heyvan və göbələk hüceyrələrində baş verir kimi yazılması məqsədəuyğundur. Səhifə 10-11-də O, nüvə və digər orqanoidləri özündə birləşdirir, onların qarşılıqlı əlaqəsini təmin edir, membranla orqanoidlər arasında fiziki-kimyəvi və fermentativ əlaqəni təmin edir cümləsində fermentativ əlaqə ifadəsi düzgün deyil. Çünki fermentativ əlaqə olmur. Səhifə 11-də Ribosomların nəticəsində dənəvər endoplazmatik şəbəkədə zülallar sintez olur. Hamar endoplazmatik şəbəkə membranlarında ribosomlar 4
olmur. Ona görə burada lipidlər və karbohidratlar sintez olunur cümləsinin Ribosomların olması hesabına dənəvər endoplazmatik şəbəkədə zülallar sintez olur. Hamar endoplazmatik şəbəkə membranlarında ribosomlar olmur. Ona görə burada yalnız lipid və karbohidratlar sintez olunur kimi yazılması tövsiyə edilir. Yenə həmin səhifədə Ribosomlar ən çox dənəvər endoplazmatik şəbəkənin üzərində, müəyyən hissəsi isə sitoplazmada sərbəst olur cümləsinin Ribosomlar sitoplazmada sərbəst şəkildə (tək-tək və ya qruplarla), dənəvər endoplazmatik şəbəkənin və nüvənin membranları üzərində, həm də mitoxondri və plastidlərdə rast gəlinir kimi yazılması tövsiyə edilir. Səhifə 12-də Onların sayı heyvan hüceyrələrində (amöbdə, uçan quşların döş qəfəsi hüceyrələrində) və xüsusilə qaraciyər hüceyrələrində daha çoxdur cümləsinin Onların sayı heyvan hüceyrələrində (amöbdə, uçan quşların döş əzələsi hüceyrələrində) və xüsusilə qaraciyər hüceyrələrində daha çoxdur kimi yazılması daha məqsədəuyğundur. Səhifə 13-də Holci kompleksi bitki və ibtidai orqanizmlərin hüceyrələrində membranla örtülmüş ayrıca cisimcikdir, oraqvarı və ya çubuqvarı formalıdır cümləsinin Holci kompleksi bitki və ibtidai heyvan orqanizmlərinin hüceyrələrində membranla örtülmüş ayrıca cisimcikdir, oraqvarı və ya çubuqvarı formalıdır kimi yazılması tövsiyə edilir. Yenə həmin səhifədə Lizosomlarda zülalları, nuklein turşularını, polisaxaridləri, lipidləri və s. maddələri parçalaya bilən 30-dan çox ferment var cümləsində 30-dan çox ferment ifadəsi qeyri-dəqiqdir. Bu sayın verilməməsi tövsiyə edilir. Səhifə 15-də Qırışlar qran adlanır cümləsinin Qırışlar tilakoid, qırışlar dəsti isə qran adlanır kimi yazılması məqsədəuyğundur. Yenə həmin səhifədə Hüceyrələrdə olan xromosomların cəmi xromosom yığımı adlanır cümləsinin Hüceyrə nüvəsində olan xromosomların cəmi xromosom yığımı adlanır kimi yazılması tövsiyə edilir. Səhifə 19-da Bakteriyalar (yun. bakterion çöpcük), çox kiçik (uzunluğu 1-10 mkm), sadə quruluşlu orqanizmlərdir cümləsinin Bakteriyaların (yun. bakterion çöpcük), əksəriyyəti çox kiçik (uzunluğu 1-10 mkm), sadə quruluşlu orqanizmlərdir kimi yazılması daha məqsədəuyğundur. Yenə həmin səhifədə Qılafın altında sitoplazmaya möhkəm yapışmış plazmatik membran var cümləsinin Qılafın üst qatı olan hüceyrə divarının 5
altında sitoplazmaya möhkəm yapışmış plazmatik membran var kimi yazılması daha məqsədəuyğundur. Yenə həmin səhifədə Əlverişsiz şəraitdə bakteriyalar spor halına keçir cümləsinin Əlverişsiz şəraitdə bəzi bakteriyalar spor halına keçir kimi yazılması daha məqsədəuyğundur. Səhifə 21-də cədvəldə Kimyəvi elementin çəkisi, %-lə ifadəsi Kimyəvi elementin kütlə payı, %-lə kimi yazılmalıdır. Səhifə 22-də Bunlardan dəmir ionu qanda hemoqlobinin, maqnezium xlorofilin... cümləsinin Bunlardan dəmir (Fe 2+ ) qanda hemoqlobinin, maqnezium (Mg 2+ ) xlorofilin... kimi yazılması daha məqsədəuyğundur. Yenə həmin səhifədə Bu hüceyrədə olan zəif turşu anionlarının (HCO - 3, HPO 2-4 ) və zəif turşuların (H 2 CO 3 ) özlərinə hidrogen ionlarını birləşdirməsi və verməsi nəticəsində mümkün olur cümləsinin Bu, hüceyrədə olan zəif turşu anionlarının (HCO - 3, HPO 2-4 ) hidrogen ionlarını birləşdirməsi və verməsi, zəif turşuların (H 2 CO 3 ) isə hidrogen ionlarını ayırması hesabına mümkün olur kimi yazılması daha məqsədəuyğundur. Yenə həmin səhifədə Əksər maddələrin molekullarından fərqli olaraq zülalların çox nəhəng molekul kütlələri var. Məsələn, insulinin mol kütləsi 6000 q/m, yumurta zülalı albuminin mol kütləsi 36000 q/m-dur. Spirtin mol kütləsi 46 q/m, qlükozanın mol kütləsi 180 q/m-dur. Zülallar makromolekullar (yun. makros böyük, nəhəng) adlanır fikri Əksər maddələrin molekullarından fərqli olaraq zülalların molekul kütlələri çox böyükdür. Məsələn, insulinin molyar kütləsi 6000 q/mol, yumurta zülalı albuminin molyar kütləsi 36000 q/mol-dur. Etil spirtinin molyar kütləsi 46 q/mol, qlükozanın molyar kütləsi 180-q/mol-dur. Zülal molekulları makromolekullar (yun. makros böyük, nəhəng) adlanır kimi yazılmalıdır. Səhifə 23-də Zülal molekulunun tərkibində təxminən 20-yə qədər aminturşu olduğu müəyyənləşdirilmişdir cümləsinin Zülal molekulunun tərkibində təxminən 20 növə qədər aminturşu olduğu müəyyənləşdirilmişdir kimi yazılması məqsədəuyğundur. Yenə həmin səhifədə Bitki, heyvan və mikroorqanizmlərdən 150-dən çox aminturşu alınmışdır. Zülallarda birləşmiş olan 20 aminturşuya sehirli aminturşular deyilir fikri Bitki, heyvan və mikroorqanizmlərdən 150 növdən çox 6
aminturşu alınmışdır. Zülallarda birləşmiş olan 20 növ aminturşuya sehirli aminturşular deyilir kimi yazılmalıdır. Səhifə 23-də Bu zaman bir mol su alınır, sonra aminturşu qalıqları bir-birilə birləşir cümləsi Bu zaman bir molekul su alınır, sonra aminturşu qalıqları bir-birilə birləşir kimi yazılmalıdır. Səhifə 24-də Hesablanılmışdır ki, molekul kütləsi 34000 olan zülalda 300-ə qədər aminturşu halqası (bir amin turşusu halqasının molekul kütləsi orta hesabla 110 qəbul olunur) iştirak edir cümləsi Hesablanılmışdır ki, nisbi molekul kütləsi 34000 olan zülalda 300-ə qədər aminturşu halqası (bir amin turşusu halqasının nisbi molekul kütləsi orta hesabla 110 qəbul olunur) iştirak edir kimi yazılmalıdır. Səhifə 26-da Mis 2-sulfat duzunun məhlulu ilə zülallar bənövşəyi, nitrat turşusu ilə sarı rəngə boyanır cümləsi Zülal məhluluna əvvəlcə mis (II) sulfat məhlulu, sonra isə natrium-hidroksid məhlulu əlavə edildikdə məhlul qırmızıbənövşəyi rəngə boyanır. Zülallar qatı nitrat turşusu ilə sarı rəngli birləşmələr əmələ gətirir kimi yazılmalıdır. Səhifə 27-də Məsələn, katalaza fermentinin molekul kütləsi 250000 q/mol olmasına baxmayaraq, molekul kütləsi kiçik (34) olan hidrogen-peroksid (H 2 O 2 ) molekulunu parçalayır cümləsi Məsələn, katalaza fermentinin molyar kütləsi 250000 q/mol olmasına baxmayaraq, nisbi molekul kütləsi kiçik (34) olan hidrogen-peroksid (H 2 O 2 ) molekulunu parçalayır kimi yazılmalıdır. Səhifə 28-də Karbohidratları iki qrupa ayırırlar: sadə və mürəkkəb karbohidratlar. Sadə karbohidratlara monosaxaridlər, mürəkkəb karbohidratlara polisaxaridlər deyilir fikrinin Karbohidratları üç qrupa ayırırlar: monosaxaridlər, disaxaridlər və polisaxaridlər kimi yazılması tövsiyə edilir. Yenə həmin səhifədə Disaxarid (saxaroza) məişətdə işlətdiyimiz adi qənddir cümləsinin Məişətdə işlətdiyimiz adi qənd (saxaroza) disaxaridlərə misaldır kimi yazılması tövsiyə edilir. Yenə həmin səhifədə Bu zaman karbon qazı (CO 2 ) və su (H 2 O) əmələ gəlir, sərbəst enerji ayrılır. 1q karbohidratın (qlükozanın) parçalanmasından 17,6 kc enerji azad olur cümləsi Karbohidratların tam parçalanmasından karbon qazı (CO 2 ) və su (H 2 O) əmələ gəlir. 1 q karbohidratın tam parçalanmasından 17,6 kc enerji azad olur kimi yazılmalıdır. 7
Səhifə 28-29-da Lipidlər irimolekullu yağ turşuları ilə spirtlərin birləşməsindən əmələ gəlir. Hüceyrədə rast gəlinən lipidlərə lesitin, xolesterin və s. misal ola bilər Burada, xolesterinin lipidlərə aid edilməsi fikri düzgün deyil. Çünki xolesterin maddəsinin tərkibində yağ turşusu yoxdur və kimyəvi baxımdan bu maddə spirtlərə aiddir. Səhifə 29-da Bu zaman 1 q yağın parçalanmasından orqanizmdə 38,9 kc enerji ayrılır cümləsinin Bu zaman 1 q yağın tam parçalanmasından orqanizmdə 38,9 kc enerji ayrılır kimi yazılması məqsədəuyğundur. Səhifə 30-da Nisbətlərinə görə: A=T, S=Q əvəzinə Saylarına görə: A=T, S=Q yazılmalıdır. Yenə həmin səhifədə Sonra bir mol su ayrılır və bir nukleotidin dezoksiribozası ilə qonşu nukleotidin fosfat turşusunun qalığı arasında oksigen atomu vasitəsilə kovalent rabitə yaranır. Beləliklə, bir polinukleotid zənciri bir-birilə birləşir fikrinin Sonra bir mol su ayrılır və bir nukleotidin dezoksiribozası ilə qonşu nukleotidin fosfat turşusunun qalığı arasında oksigen atomu vasitəsilə kovalent rabitə yaranır və bu zaman bir su molekulu ayrılır. Beləliklə, bu prinsip əsasında DNT-nin bir polinukleotid zənciri əmələ gəlir kimi yazılması daha məqsədəuyğundur. Səhifə 32-də r-rnt haqqında məlumat çox səthidir. Buraya r-rnt hüceyrədə digər RNT-lərə (m-rnt və n-rnt) nisbətən ən çox rast gəlinir (85%). O, ribosomun tərkibinə daxildir. Struktur funksiya yerinə yetirir. Eyni zamanda ribosomun aktiv mərkəzinin formalaşmasında iştirak edir fikrinin əlavə olunması tövsiyə edilir. Yenə həmin səhifədə Əvvəlcə DNT zənciri açılır, sonra onun ikiqat zənciri dezoksiribonukleaza fermentinin təsiri ilə istənilən ucdan aralanmağa başlayır və iki müstəqil zəncir əmələ gəlir fikri düzgün deyil. Birincisi, DNT-nin ikiqat zənciri topoizomeraza fermentinin təsiri altında açılır. İkincisi, DNT açılandan sonra zəncirlər hidrogen rabitələri kəsən xelikaza fermentinin təsiri ilə bir-birindən aralanır. Üçüncüsü, DNT zəncirləri DNT-polimeraza fermentinin köməyi ilə sintez olunur. Dördüncüsü, dezoksiribonukleaza fermenti DNT-ni hidroliz edərək nukleotidlər halına salır və beləliklə, onun redublikasiyasında (ikiləşməsində) heç cür iştirak edə bilmir. Səhifə 36-da C 6 H 12 O 6 +2ADF+2H 3 PO 4 2C 3 H 6 O 3 +2ATF+2H 2 O+200 kc reaksiyası C 6 H 12 O 6 +2ADF+2H 3 PO 4 2C 3 H 6 O 3 +2ATF+2H 2 O kimi yazılmalıdır. 8
Yenə həmin səhifədə Əvvəlcə qlikolizdə əmələ gəlmiş süd turşusu fermentlərin təsiri altında su ilə birləşir: C 3 H 6 O 3 +3H 2 O 3 CO 2 + 12H 0 fikrinin Əvvəlcə qlikolizdə əmələ gəlmiş süd turşusu fermentlərin təsiri altında suyun iştirakı ilə parçalanmaya məruz qalır: C 3 H 6 O 3 + 3H 2 O 3 CO 2 + 12H kimi yazılması tövsiyə edilir. Səhifə 37-də 2C 3 H 6 O 3 +6O 2 +36ADF+36H 3 PO 4 36ATF+6CO 2 +42H 2 O+ +2600 kc Qlikolizdən fərqli olaraq ayrılan enerjinin 55%-i hüceyrədə ATF formasında saxlanılır, 45 %-i isə istilik halında səpələnir. Ümumiyyətlə, son nəticədə qlikoliz və oksigenli parçalanma nəticəsində 2+36=38 molekul ATF sintez olunur və 38 x 40 = 1520 kc enerji ATF-də toplanır. Qlükozanın tam parçalanmasının yekun tənliyi belədir: C 6 H 12 O 6 +6O 2 +38ADF+38H 3 PO 4 38ATF+6CO 2 +44H 2 O+2800 kc fikri 2C 3 H 6 O 3 +6O 2 +36ADF+36H 3 PO 4 36ATF+6CO 2 +42H 2 O Bu zaman 2600 kc enerji ayrılır. Qlikolizdən fərqli olaraq ayrılan enerjinin təqribən 55%-i hüceyrədə ATF formasında saxlanılır, təqribən 45 %-i isə istilik halında səpələnir. Ümumiyyətlə, son nəticədə qlikoliz və oksigenli parçalanma nəticəsində 2+36=38 mol ATF sintez olunur və 38 x 40 =1520 kc enerji ATF-də toplanır. Qlükozanın tam parçalanmasının yekun tənliyi belədir: C 6 H 12 O 6 +6O 2 +38ADF+38H 3 PO 4 38ATF+6CO 2 +44H 2 O Bu zaman cəmi 2800 kc enerji ayrılır kimi yazılmalıdır. Səhifə 39-da Bu da 20 aminturşunu kodlaşdırmaq üçün kifayətdir cümləsi Bu da 20 növ aminturşunu kodlaşdırmaq üçün kifayətdir kimi yazılmalıdır. Yenə həmin səhifədə Yalnız üç triplet UAA, UAQ və UQA heç bir aminturşunu kodlasdırmır cümləsinin Eukariot orqanizmlərdə yalnız üç triplet- UAA, UAQ və UQA heç bir aminturşunu kodlaşdırmır kimi yazılması məqsədəuyğundur. Səhifə 40-da n-rnt-nin sayı 20-dən az deyildir cümləsinin Aminturşuları daşıması baxımından n-rnt-nin növ sayı 20-dən az deyildir kimi yazılması daha məqsədəuyğundur. Səhifə 41-də Sintez olunan aminturşuların ardıcıllığı m-rnt molekullarında olan triplet ardıcıllığına uyğun düzülür cümləsinin Sintez olunan zülalda aminturşuların ardıcıllığı m-rnt molekullarında olan triplet ardıcıllığına uyğun düzülür kimi yazılması məqsədəuyğundur. 9
H3PO 4 Səhifə 44-də ADF + F +H 2 O yazılmalıdır. ATF əvəzinə ADF + H 3 PO 4 ATF + Yenə həmin səhifədə Membranın xarici tərəfində mənfi yüklü elektronlar e, daxilində isə müsbət yüklü H + elektronlar toplanır cümləsinin Membranın xarici tərəfində mənfi yüklü elektronlar e, daxilində isə müsbət yüklü H + protonlar toplanır kimi yazılması tövsiyə edilir. Səhifə 45-də Beləliklə, fotosintezin işıq mərhələsində molekulyar oksigen əmələ gəlir, ATF sintez olur, hidrogen atomu və OH radikalı əmələ gəlir, işıq mərhələsi sona çatır cümləsinin Beləliklə, fotosintezin işıq mərhələsində molekulyar oksigen əmələ gəlir, ATF sintez olunur, hidrogen atomu əmələ gəlir və işıq mərhələsi sona çatır kimi yazılması məqsədəuyğundur. Səhifə 49-da xromatidlərin sentromerlə profazada birləşməsi barədə məlumat verilməsi tövsiyə edilir. Yenə həmin səhifədə metafazada bölünmə vətərinin əmələ gəlməsinin başa çatması barədə məlumat verilməsi tövsiyə edilir. Səhifə 53-54-də Çoxalmış hüceyrələr böyümə zonasına daxil olur. Bu zaman çoxalma dayanır, ilkin cinsiyyət hüceyrələri sürətlə böyüyür. Spermatozoidlərə nisbətən yumurtahüceyrə daha çox böyüyür cümləsində böyümə zonasında spermatozoid və yumurtahüceyrənin olması səhv fikirdir. Buradakılar ilkin cinsiyyət hüceyrələridir. Səhifə 61-də Ümumiyyətlə, ektodermadan: sinir sistemi, hiss orqanları, dəri və dəri törəmələri (tük, lələklər, dırnaqlar, buynuz və s.), dişin mina qatı, ağız, burun, anal dəliyi, qaraciyərin, ağciyərin və mədəaltı vəzi epitelisi əmələ gəlir cümləsi Ümumiyyətlə, ektodermadan sinir toxuması, hiss orqanlarının reseptor və sinir hissəsi, dərinin epidermisi və dəri törəmələri (tük, lələklər, dırnaqlar, buynuz və s.), dişin mina qatı, ağız, burun, və anal dəliyinin epiteliləri əmələ gəlir kimi yazılmalıdır. Qaraciyərin, ağciyərin və mədəaltı vəzinin epitelisi isə endoderma mənşəlidir. Yenə həmin səhifədə xordanın mənşəyi ətraflı izah edilməmişdir. Səhifə 66-da koaservasiya prosesinin mahiyyəti aydın göstərilməyib. Bu hadisənin Koaservasiya hadisəsi ondan ibarətdir ki, bəzi şəraitdə məsələn, elektrolitlərin iştirakı ilə yüksək molekullu maddələr məhluldan çöküntü halında deyil, daha yüksək qatılığa malik koaservat məhlul halında ayrılır kimi izah edilməsi tövsiyə edilir. 10
Səhifə 68-də Yerin geoxronoloji cədvəli iki yerə bölünür cümləsinin Yerin geoxronoloji cədvəli üç yerə (eona) bölünür kimi yazılması tövsiyə edilir. Yenə həmin səhifədə Arxey (yun. arxeos -qədim) ən qədim era olub 3,5 mlrd. il əvvəl yaranmış, 1 mlrd. il davam etmişdir cümləsində arxeyin ən qədim era kimi götürülməsi düzgün deyil. Cədvəldə isə düzgün olaraq ən qədim era katarxey göstərilmişdir. Yenə həmin səhifədə Beləliklə, Arxeydə böyük aromorfozlar olan: nüvəli (eukariot) hüceyrələr, cinsiyyətli çoxalma, fotosintez və çoxhüceyrəlilik əmələ gəldi cümləsi düzgün deyil. Əslində, bitkilərdə çoxhüceyrəlilik proterozoy erasının axırında əmələ gəlib. Heyvanlarda isə çoxhüceyrəlilik proterozoy erasının ortalarında əmələ gəlmişdir. Yenə həmin səhifədə Fotosintezin yaranması ilə əlaqədar canlılar: bitki və heyvanlara ayrıldı cümləsi düzgün deyil. Fotosintezin yaranması ilə əlaqədar qırmızı, yaşıl bakteriyalar və sianobakteriyalar fototrof bakteriyalar əmələ gəlmişdir. Səhifə 67, 70, 73 və s-də aromorfoz termininin adı çəkilir, lakin bu anlayışın açıqlanması növbəti fəsildə verilir. Aromorfoz termininin mənasının əvvəlki səhifələrdə verilməsi məqsədəuyğundur. Səhifə 78-də Linney sistematikaya onun sələfləri (Con Rey, A. Çezalpino) tərəfindən təklif edilmiş latın sözləri ilə binominal nomenklatura, yəni hər bir növə, cinsə, dəstə və sinfə ikiqat ad vermək prinsipini daxil etdi cümləsinin Linney sistematikaya onun sələfləri (Con Rey, A. Çezalpino) tərəfindən təklif edilmiş latın sözləri ilə binominal nomenklatura, yəni hər bir növə ikiqat ad vermək prinsipini elmə daxil etdi kimi verilməsi tövsiyə edilir. Burada göstərmək lazımdır ki, K. Linneyin sistematikasında 4 təsnifat vahidi (növ, cins, dəstə və sinif) verilmişdir. Səhifə 109-110-da Mimikriya, Qoruyucu rəng, Xəbərdarlıqedici rəng ayrı-ayrı yarımbaşlıqlar kimi verilmişdir. Əslində isə bu anlayışların üçü də qoruyucu rənglərdir. Bu anlayışların ümumi şəkildə, Qoruyucu rənglər: mimikriya, xəbərdarlıqedici rəng (mühitə uyğun) kimi yazılması tövsiyə edilir. Səhifə 118-də şəkil 81-ə əsasən eohippus, hipparion bilavasitə müasir atın əcdadlarıdır. Lakin onlar kor şaxələrdir, əcdad hesab oluna bilməz. 11
2. Dil və yazı üslubu baxımından Dərslikdə nəzərdə tutulmuş materialların dili sadə və başadüşüləndir. Mətnlərdəki fikirlərin ifadə tərzi şagirdlərin yaş xüsusiyyətlərinə uyğundur. Yeni termin və sözlərin izahları verilib. Mətnlərdə qrammatik və orfoqrafik qaydalara əməl olunub. Səhifə 55-də rediksion sözü əvəzinə reduksion yazılmalıdır. Səhifə 118-də V.O. Kovolevski əvəzinə V.O. Kovalevski yazılmalıdır. 3. Dizayn və bədii tərtibat baxımından Dizayn və bədii tərtibat baxımından dərslik qənaətbəxşdir. İstifadə edilən şriftlər müvafiq yaş qrupuna uyğundur. Mövzularda istifadə olunan şəkil, sxem və cədvəllər mövzunu tam əhatə edir. Səhifə 14-də şəkil 13-də mikroborucuqlar həm də hüceyrə mərkəzi adlandırılıb. Buna düzəliş edilməsi tövsiyə edilir. Səhifə 50-də şəkil 32-də profaza mərhələsində hüceyrə mərkəzinin bir sentrioldan, metafaza və başqa fazalarda isə iki sentrioldan təşkil olunması göstərilir. Elə başa düşülür ki, sentriolların ikiləşməsi profazada baş verir. Əslində isə onların ikiləşməsi adətən interfaza mərhələsinə (G 1 və S fazaların arasında) düşür. Dərslikdəki bir çox şəkillər ( məsələn, səh. 43, şəkil 28) keyfiyyətsiz olub şagirdlər üçün əyani deyil. 4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından Dərslikdə verilmiş sual və tapşırıqlar biliklərin tətbiqinə və mövzunun möhkəmləndirilməsinə yönəlmişdir. 5. Digər dərsliklə (Ümumi biologiya 10-cu sinif T. Mikayılov və b.) olan fərqlər baxımından Səhifə 10-da Sitoplazma və onun orqanoidləri mövzusuna vakuol haqqında məlumatın daxil edilməsi tövsiyə edilir. Bu haqda məlumat digər dərslikdə ətraflı verilib. 12
Səhifə 11-də Ribosomların böyük və kiçik hissəcikləri nüvədə əmələ gəlir, ölçüsü 15-22 nm olan dairəvi cisimciklərdir cümləsində ribosomun ölçüsü digər dərslikdə 15-35 nm göstərilib. Bu rəqəmlərin dəqiqləşdirilməsi tövsiyə edilir. Səhifə 118-də şəkil 81-də atın təkamülü eohippusdan başlayır. Digər dərslikdə olduğu kimi atın təkamülünün fenakodusdan başlamağı tövsiyə edilir. Nəticə 1. Dərslik tədris proqramındakı mövzuları tam əhatə edib, verilmiş məlumatlar elmi-metodiki baxımdan dəqiq ifadə edilib. 2. Mövzular elmi-metodiki baxımından şagirdlərin yaş səviyyəsinə uyğun tərtib olunub. 3. Dərslikdəki materiallar fənn üzrə bilik və bacarıqların formalaşdırılmasına imkan verir. 4. Dərslikdə müəyyən mövzular üzrə bir sıra qüsurlara da rast gəlinir. 13