Şahdəniz Yatağının İşlənilməsində Yeni Texnologiyaların Tətbiqi Əl Kuk, Şahdəniz İşlənməsi üzrə vitse-prezident Xəzər Neft və Qaz Konfransı, Bakı 6 iyun 2013-cü il Şahdəniz Yatağının İşlənilməsində Yeni Texnologiyaların Tətbiqi Əl Kuk Şahdəniz işlənməsi üzrə vitse-prezident Sabahınız xeyir, Bu gün bu konfransda çıxış etməkdən həqiqətən də məmnunluq hissi duyuram. Bu mühüm tədbir artıq 20 ildir ki Bakıda keçirilir. Bu da, demək olar ki, BP-nin Azərbaycanda fəaliyyət göstərdiyi müddət ilə tam eynidir. 20 il ərzində bu konfrans ölkədəki neft və qaz sənayesinin inkişafını müzakirə etmək üçün əla bir fürsət olub. Və ötən iki on illik ərzində əldə edilmiş nailiyyətlər də əlamətdar olmuşdur. Hal-hazırda Xəzər dənizində BP şirkəti dünyanın ən böyük neft və qaz yataqlarından bəzilərini idarə edir. Azərbaycan beynəlxalq bazarlara neft ixrac edən əsas ölkələrdən biridir və indi artıq o, dünyanın böyük qaz hasilatçılarından birinə çevrilməkdədir. Xəzərin qaz potensialının üzə çıxarılmasında 1 trilyon kub metrdən artıq geoloji qaz ehtiyatlarına malik olan nəhəng Şahdəniz yatağı əsas rol oynamışdır. O, BP-nin 100 illik tarixində kəşf edilmiş ən böyük qaz yatağıdır və dünyanın ən böyük neft və qaz yataqlarından biri olaraq qalmaqdadır. Quyuların qazılması, platformanın inşası, yeni terminalın tikilməsi və Azərbaycandan Türkiyəyə 700km uzunluğunda Cənubi Qafqaz Boru Kəmərinin inşa edilməsi kimi çətinliklərə baxmayaraq, Şahdəniz Mərhələ 1 sadəcə yeddi il ərzində işlənilib. 2006-cı ildə hasilata başladığından etibarən Şahdəniz Azərbaycan, Gürcüstan və Türkiyə üçün təhlükəsiz və etibarlı qaz təchizatçısı kimi özünü təsdiqləyib.
Biz hal-hazırda Şahdəniz layihəsinin ikinci mərhələsini işləməkdəyik ki, bu da əlavə olaraq ildə 16 milyard kub metr (və ya mlrd.kub.m/il) qazın hasil olmasını təmin edəcək. Bu layihə çərçivəsində 26 quyu qazılacaq, yeni dəniz qurğuları inşa ediləcək, Səngəçal terminalı genişləndiriləcək və tarixdə ilk dəfə olaraq Xəzər qazını Avropaya ixrac etmək üçün 4000km uzunluğunda boru kəməri sistemi inşa ediləcək. Bu miqyasda olan layihələrin də özünəməxsus çətinlikləri olur. Bu çətinliklər kommersiya, normativ hüquqi və hətta siyasi xarakterli ola bilər. Lakin, bu gün mən rastlaşdığımız texniki çətinliklərdən bəhs etmək və onların öhdəsindən necə gəlməyimizi planlaşdırdığımız haqqında danışmaq istəyirəm. Biz inanırıq ki, Azərbaycanın genişlənən texniki imkanları və Bakıda ən müasir texnologiyaların tətbiqi bu ölkənin neft və qaz sənayesinin gələcək inkişafı üçün mühüm rol oynayır. Biz hesab edirik ki, dünyanın hər yerindən texnoloji bilik və təcrübələrin və mütəxəssislərin gətirilməsi Xəzərin potensialının üzə çıxarılmasına imkan verə bilər. Şahdəniz Mərhələ 2 layihəsi isə bu texnologiyaların gətirə biləcəyi faydaları nümayiş etdirməyə imkan yaradır. Mən qarşımıza çıxan beş əsas texniki çətinliyə dair qısa məlumat verəcəyəm və sonra onların hər birinin öhdəsindən necə gəlməyi planlaşdırdığımızı müzakirə edəcəyik. Çətinliklər Yüksək təzyiqli qaz Nəhəng coğrafi əhatə dairəsi Sərt süxurlu qazma mühiti 500 m su dərinliyi Qaz bazarlarına 4000 km məsafə Çətinliklər Əsas Şahdəniz kollektorları dəniz səviyyəsindən aşağıda təxminən 6000m dərinlikdə yerləşir. Biz dünyada istənilən yatağın istismarında ən yüksək lay təzyiqlərindən bəzilərini bu dərinliklərdə müşahidə edirik. Bu gün barəsində söhbət açacağım çətinliklərdən ən birincisini 14000 funt/kv.düym-dək olan bu təzyiqlər yaradır. İkinci çətinlik isə yatağın miqyasıdır belə ki, bu yataq təxminən Manhetten adası ilə eyni ölçüdədir. Biz yatağın hər bir hissəsindən qazı necə təhlükəsiz və iqtisadi baxımdan səmərəli şəkildə hasil edə bilərik?
Üçüncüsü, sizin bir çoxunuza da məlumdur ki, cənubi Xəzər hövzəsi dünyada ən çətin qazma mühitlərindən biridir. Dəniz dibində aktiv palçıq vulkanları və yumşaq qrunt kimi geoloji təhlükələr əməliyyatların aparılmasını çətinləşdirir. Dəniz dibindən aşağıdakı mühit daha da mürəkkəbdir. Faktiki olaraq, biz quyuları kollektora doğru şaquli istiqamətdə qazmaq iqtidarında deyilik. Kollektordan bilavasitə yuxarıda yerləşən yatağın böyük sahəsi qeyri-qazma zonasıdır. Yatağın bu hissəsi elə bir geoloji xüsusiyyətə malikdir ki, quyuları qazmaq üçün hər hansı əlavə təzyiq tətbiq edildiyində, bu, süxurların çatlamasına səbəb olur. Ona görə də, biz quyuları kollektorun çevrəsi boyunca yerləşdirməli və qeyri-qazma zonasının aşağı hissəsinə sirayət edəcək bucaqla qazma aparmalıyıq. Bizim rastlaşdığımız növbəti, dördüncü çətinlik isə 500 metr səviyyəsində olan su dərinliyidir. Bu dərinlikdə təzyiqlər yüksəkdir və su soyuqdur: təxminən 5 dərəcə selsi. Bu isə, boru kəmərlərimizdə mayelərin bərkiməsinə və xətlərin tıxanmasına gətirib çıxara bilər. Və sonra hətta bu dörd çətinliyin öhdəsindən gəlməklə qazı sahilə nəql etmiş olsaq da, bizim rastlaşdığımız sonuncu bir çətinlik da var bu, qaz bazarlarının 4000km məsafədə yerləşməsidir. Biz əməliyyatlarımızın ətraf mühitə təsirini azaltmaqla yanaşı qazı etibarlı şəkildə həmin bazarlara necə çıxara bilərik? Yüksək təzyiqli qazın təhlükəsiz şəkildə idarə edilməsi Yüksək Təzyiqdən Mühafizə Sistemi (HİPPS) Yüksək Təzyiqdən Mühafizə Sistemi (HİPPS) İcazənizlə təqdimata təzyiqlə bağlı çətinlikdən bəhs edərək başlamaq istəyirəm. 14000 funt/kv.duym təzyiq nəyə bənzəyir və HİPPS sistemi nədir? Kollektorun daxilinə doğru dərinliyə endikdə rastlaşdığımız təzyiqlər bizim bu gün Bakıdakı bu konfrans mərkəzində müşahidə etdiyimizi təzyiqlərdən demək olar ki 1000 dəfə yüksəkdir. Bu, təsəvvür edin ki, Eyfel qülləsini avtomobilin damında tarazlaşdırmaq deməkdir. 14000 funt/kv.düym təzyiq məhz buna bənzəyir. Bəs bu halda, biz öz işçilərimizi və avadanlıqlarımızı bu təzyiqdən necə qoruya bilərik? Əsas texnologiya HİPPS, yəni Yüksək Təzyiqdən Mühafizə klapanıdır. Bu, Xəzər dənizində ilk belə texnologiya olacaq. Və bu klapan nəhəng ölçüdədir: onun çəkisi 18 ton
və hündürlüyü isə 4m təşkil edir. Manifoldda təzyiqin artaraq öncədən təyin edilmiş səviyyəni keçdiyi hallarda HİPPS klapanı sadəcə 15 saniyə ərzində bağlanmaq imkanına malik olacaq. Buna görə də, bu klapan boru kəmərlərini və digər sualtı avadanlıqları mühafizə edərək onlara dəyə biləcək mümkün ziyanın qarşısını alır. Ən əhəmiyyətlisi isə ondan ibarətdir ki, o, Şahdəniz platformasındakı insanlar üçün mühafizə təmin edir. Biz sualtı manifoldlarımızın hər birində iki müstəqil klapan quraşdırmağa planlaşdırırıq. BP dünyada, o cümlədən Şimal dənizində və Misirdə HİPPS sistemlərinin idarə olunmasında geniş təcrübəyə malikdir. Biz inanırıq ki, HİPPS irəliyə doğru mühüm bir addımdır və bizim çox yüksək texniki təhlükəsizlik standartlarına nail olmağımıza imkan verir. Hasilat templərinin artırılması Nasos-kompressor borusunun asqısı Nasos-Kompressor Borusunun Asqısı Burada isə ikinci çətinliyimizdən, yəni Şahdəniz yatağının nəhəng coğrafi miqyasından bəhs edəcəm. Biz Manhetten adası böyüklüyündə olan yatağı mümkün ən az sayda quyu ilə necə istismar edirik? Bu sualın cavabı bizim Şahdəniz Mərhələ 1 layihəsindəki müvəffəqiyyətimizdə yatır, belə ki, Mərhələ 1 çərçivəsində bizim quyulardakı hasilat gündə 200 milyon standart kub futdan artıqdır (gündə 50 milyon barel neft ekvivalentindən artıq). Bu isə, onları dünyanın istənilən yerində (istər quruda, istərsə də dənizdə) ən məhsuldar quyuların sırasına daxil edir. Şahdəniz Mərhələ 2 üzrə debiti artırmaq üçün biz digər bir texnologiyadan istifadə edirik bu dəfə onun ölçüsü xeyli kiçikdir. Baxmayaraq ki, HİPPS klapanı 4m hündürlüyündədir, bu texnologiyanın, yəni nasos-kompressor borusunun asqısının diametri sadəcə 7 düym təşkil edir. Bu qurğu quyunun yuxarı hissəsində yerləşir və ekrandan sizin də görə biləcəyiniz kimi, boruları sualtı sistemə birləşdirir. Adi boru asqısı 5.5 enindədir. Biz vaxtında müəyyən etdik ki, 7 boru asqısı əhəmiyyətli dərəcədə səmərə verəcək, çünki, o, qaz quyudan sualtı sistemə doğru hərəkət etdikcə baş verən
təzyiq itkisini azaldır. Təzyiq itkilərini azaltmaqla biz axın sərflərini artıra bilərik. Diametrdə 1.5 artım elə də çox görünməyə bilər, lakin, mühəndis-texniki nöqteyi nəzərdən eyni nominal təzyiqə malik nisbətən daha iri avadanlıq layihələşdirmək çox çətindir. Biz bu nailiyyətlə qürur duyuruq. Nəticədə, biz hesablamışıq ki, hasilatı 50%-ə qədər artıra biləcəyik. Bu, bizim Azərbaycanda, Gürcüstanda, Türkiyədə və Avropada sifarişçilərimiz qarşısındakı satışla bağlı öhdəliklərimizin yerinə yetirilə biləcəyinə əminliyimizi bir az da artırır. Qazma işlərindəki çətinliklər ilə mübarizə Adi borular Genişlənən sərt borular Genişlənən Sərt Borular Qeyd etmək istədiyim üçüncü çətinlik qazma mühitidir. Şahdəniz yatağındakı təzyiq rejiminin xarakteri onu göstərir ki, biz şaquli istiqamətdə qazma apara bilmərik, buna görə də, biz yatağın çevrəsindən uzun quyular qazmalıyıq. Bundan əlavə, quyudakı müxtəlif zonaların təzyiqləri birbirindən fərqlənir: bəzi zonalarda əvvəlki qaz hasilatı nəticəsində təzyiq tükənib və bəzilərində isə ilkin yüksək təzyiq qalmaqdadır. Bütün bunlar onu göstərir ki, qazdığımız quyular məsrəflidir, yəni onların hər biri yüz milyonlarla dollar dəyərində ölçülür və sənayedəki aparıcı texniki təhlükəsizlik standartlarına uyğunluğumuzu qoruyub saxlamaqla yanaşı, biz həmin quyuları səmərəli şəkildə qazmağın yollarını tapmalıyıq. Bu cür üsullardan biri genişlənən sərt boruların istifadəsidir. Bu ad onun nədən ibarət olduğunu özü-özlüyündə açıqlayır. Bu borular quyuların qoruyucu kəməri kimi istifadə edilir. Adətən borular sol şəkildə göstərildiyi kimi dərinə endikcə kiçilir. Bu isə, dəniz dibindən aşağı 6000 metr dərinlikdə qazma apardığınız zaman problemə çevrilə bilər: nəticədə meydana çıxan quyu lüləsi çox dar olur. Buna görə də, sağ şəkildə gördüyünüz kimi biz genişlənən borulardan istifadə edirik. Boruların
genişləndirilməsi üçün hidravlik təzyiqdən və ya mexaniki qüvvədən istifadə etməklə boruların daxilinə sərt konus yeridilir. Bu genişlənən sərt boruların xüsusi metallurji tərkibi onların öz möhkəmliyini qorumaqla quyu daxilində genişlənməsinə imkan yaradır. Genişlənən borular artıq müvəffəqiyyətlə Şahdəniz yatağında tətbiq edilib və bu da, mümkün digər üsullarla müqayisədə daha dərin lülə seksiyalarının qazılmasına və daha iri ölçülü qoruyucu kəmərlərin quraşdırılmasına imkan verir. Biz həmçinin Sabunçu kimi nisbətən yüksək təzyiqli layları Suraxanı kimi nisbətən aşağı təzyiqli laylardan təcrid etmək və beləliklə də quyuların bütövlüyünü qoruyub saxlamaq üçün də onlardan istifadə edə bilmişik. Boru asqılarında olduğu kimi, bu yolla da, biz nisbətən daha yüksək səviyyədə bütövlüyə, nisbətən yüksək hasilat tempinə və yüksək qaz hasilatına nail ola bilərik. 500m Su Dərinliyində Qaz Axınının Qorunub Saxlanılması Birbaşa Elektrik Enerjisi ilə İsitmə Birbaşa Elektrik Enerjisi ilə İsitmə Neft və qaz dəniz dibinə qalxdıqdan sonra da çətinliklər davam edir. 500m dərinliklərdəki sular soyuq və qaranlıqdır. Şahdəniz 2 layihəsi çərçivəsində neft və qazı yatağın şimal-qərb tərəfindəki platformalara nəql etmək üçün sözün əsl mənasında dəniz dibində yüzlərlə kilometr uzunluğunda boru kəmərləri uzanacaq. Mayelər soyuduğunda, tez bir zamanda hidratlar adlandırılan buz parçaları və parafin toplaşır və xətlərin tıxmasına gətirib çıxarır. Tipik hidrat və parafinin idarə olunması sistemi tıxanmaların yaranmasının qarşısını almaq üçün axın xəttinə kimyəvi inhibitorların vurulmasını nəzərdə tutur. Lakin, bu variant dənizə böyük miqdarda mayelərin nəql olunmasını tələb edə bilərdi. Bunun əvəzində, biz daha yaxşı varianta üstünlük vermişik: Açıq Dövrəli Birbaşa Elektrik Enerjisi ilə İsitmə Sistemi. Bu, bizim Norveçdəki Skarv yatağımıza yenicə tətbiq etdiyimiz bir sistemdir. Birbaşa Elektrik Enerjisi ilə İsitmə Sistemi axın xəttinin xaricində yüksək ötürücülüyə malik naqillərin birləşdirilməsini və sonra isə boru xəttinin özü ilə elektrik enerjisinin ötürülməsini nəzərdə tutur. Borudan cərəyan keçdiyində boru qızır və hidratların və parafin çöküntülərinin formalaşmasının qarşısını alır. Bu cərəyanı yaratmaq üçün biz yeni Şahdəniz platformalarında
25 MVt gücündə enerji hasilatı qurğusu quraşdırmağı planlaşdırırıq. Şahdəniz Mərhələ 2 layihəsində olduğu kimi, enerji hasilatının miqyası və axın xətlərinin sayı rekord vurmaqla bunu dünyada tətbiq edilən ən böyük Birbaşa Elektrik Enerjisi ilə İsitmə sisteminə çevirəcək. Səngəçal terminalında emissiyaların azaldılması Ayrılan istiliyin utilizasiyası qurğuları Səngəçal Terminalında Ayrılan İstiliyin Utilizasiyası Beləlilə, biz HİPPS sistemindən istifadə etməklə təzyiqlə bağlı çətinliklərin öhdəsindən təhlükəsiz şəkildə gəldik. Və biz 7 boru asqıları tətbiq etməklə quyuların sayını azaltdıq. Qazma ilə bağlı çətinliklərin öhdəsindən gəlmək üçün genişlənən sərt borulardan istifadə etdik. Və Birbaşa Elektrik Enerjisi ilə İsitmə Sistemindən istifadə etməklə Xəzər dənizinin dibindəki soyuq suların öhdəsindən gəldik. Lakin, bunlar qazın yalnız dəniz sahilinə nəql edilməsinə imkan verir. İndi artıq biz onu dağların üzərindən, çayların altından və ölkələrin bütün ərazisindən keçirməklə 4000km məsafə boyunca Avropaya nəql etməliyik. Və biz bunu yanacaq qazından istifadəni minimuma endirəcək və karbon dioksid emissiyalarını azaldacaq şəkildə həyata keçirmək istəyirik. Bu gün sizə təqdim etmək istədiyim sonuncu texnologiya nümunəsi Səngəçal terminalındadır. Bu terminal artıq dünyada ən böyük terminallardan biridir. Lakin, Səngəçalı Şahdəniz Mərhələ 2 çərçivəsində nəql olunacaq əlavə neft və qazın qəbul edilməsinə hazırlamaq üçün biz iki yeni qaz texnoloji xətti və üç yeni kompressor quraşdırmaqla terminalı əhəmiyyətli dərəcədə genişləndirəcəyik. Kompressorlar qazın Avropaya uzaq məsafəli nəqlinə başlamazdan əvvəl Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ötürülməsi üçün istifadə edilir. Terminalın genişləndirilməsi planının mühüm bir komponenti kimi enerjidən səmərəli istifadə ilə
bağlı tədbirlərin görülməsi nəzərdə tutulur. Bunlardan biri Ayrılan İstiliyin Utilizasiyasıdır. Ayrılan İstiliyin Utilizasiyası Qurğuları fiziki cəhətdən kompressorların qaz turbinlərinə birləşdirilib. Onlar qaz turbinindən çıxan işlənmiş qazları qəbul edir və onlardan terminal boyunca istilik təmin etmək üçün istifadə edir. Təkcə bu istilik mübadilə qurğuları bizim havaya atdığımız emissiyaları ildə təxminən 70000 ton CO2 qədər azaldacaq. Bu, təxminən London ilə Bakı arasında gündəlik uçuş həyata keçirən təyyarənin hər il istifadə etdiyi həcmə bərabərdir. Yekun Nəticə Sizin də gördüyünüz kimi Şahdəniz yatağı kifayət qədər müstəsna miqyasa malikdir. Layihəni həyata keçirmək üçün 40 milyard dollardan artıq investisiya tələb olunacaq. Və çətinliklər də özünməxsus xüsusiyyətdədir. Lakin, BP Xəzər dənizində və dünyada bu kimi layihələrin həyata keçirilməsində təcrübəyə malikdir və bu da, bizim inamla irəli addımlamağımıza imkan verir. Ümid edirəm ki, sizə texniki çətinliklərin öhdəsindən gəlmək üçün Şahdəniz yatağında tətbiq ediləcək bir sıra yeni texnologiyalar haqqında müəyyən qədər məlumat verə bildim Bu texnologiyalar bizim BP-də ən yaxşı bacardıqlarımızın əyani göstəricisidir. Biz ən çətin mühitlərdə fəaliyyət göstərməyə davam edirik. Biz yeni işlənmələrimizin miqyası və dərinliyi ilə sənayedə rekordlar vururuq. Və biz bir sıra yeni texnologiyaların araşdırılmasına və təkmilləşdirilməsinə investisiya qoymağa davam edirik. Bu texnologiyalar yalnız Şahdəniz Mərhələ 2 layihəsinin həyata keçirilməsinə imkan vermir, o həm də, gələcəkdə Azərbaycanın qaz potensialının üzə çıxarılmasında son dərəcədə mühüm rol oynayır. Dərin sulu və yüksək təzyiqli mühitlərdə imkanlarımızın gücləndirilməsi bizə imkan verəcək ki, gələcəkdə AÇG Dərin, Şahdəniz Dərin, Şəfəq-Asiman və digər qaz yataqlarının işlənilməsini həyata keçirək. Buna görə də, miqyasına, çətinliklərinə və töhfələrinə baxmayaraq Şahdəniz Azərbaycanın təbii qaz ehtiyatlarının işlənilməsi istiqamətində sadəcə başlanğıcdır. Təşəkkür edirəm.